Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

ƏDAT

Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə ədat deyilir.
Ədatları işləndiyi cümlələrdən çıxarsaq, həmin cümlələrin mənası müəyyən dərəcədə zəifləyə bilər. Məsələn: Artıq gözlədiyimiz gün gəlib çatdı. Bu cümləni artıq ədatı olmadan da işlətmək olar və ondakı məna dəyişməz, yalnız bir qədər zəifləmiş olar. Deməli, ədatların əsas vəzifəsi cümlədəki mənanı daha da qüvvətləndirmək və dinləyicinin diqqətini müəyyən bir cəhətə daha artıq yönəltməkdir.

ƏDATLARIN MƏNACA NÖVLƏRI

Ədatların mənaca aşağıdakı növləri var:
1. Qüvvətləndirici ədatlar: artıq, axı, ən, lap, daha, da, də, nə, hətta, necə, ha, ki, -ca2, belə, düz, bir, bircə və s.
Məsələn: Axı bunu sənə demişdim. Necə gözəl gündür. Ha gözlədim, sən gəlmədin. Bizə bircə xal lazımdır. İndicə onu gördüm. Biz ki belə danışmamışdıq. Hətta sən də bu işdən xəbərsizsən.

2. Dəqiqləşdirici ədatlar: elə, əsl, məhz
Məsələn: Elə hamı mən deyəni deyir. Ora əsl sənin yerindir.

3. Məhdudlaşdırıcı ədatlar: ancaq, yalnız, təkcə, tək bircə, bir və s
Məsələn: Onu dəyişdirsə, ancaq mühit dəyişdirər. Təkcə Anar bütün tapşırıqları düzgün həll etmişdi və s.

4. Sual ədatları: bəs, məgər, yəni, -mi4 və s.
Məsələn: Bəs dünən niyə bizə gəlməmişdin? Məgər mən uşağam? Yəni, doğrudan, sən həmişəlik gedirsən?

5. Əmr ədatları: di, göy, gəl, gəlim, gör, görün, bax, qoysana, ha, gəlsənə, -sana2 və s.
Məsələn: Di başla. Qoy dərsini oxusun. Gəl bu işdən əl çəkək.

6. Arzu ədatlari: kaş, kaş ki, təki, barı, gərək, bircə və s
Məsələn: Kaş biz də orada olaydıq. Bircə o günü görsə idim və s.

7. Təsdiq və inkar ədatları: bəli, bəli də, hə, yox, xeyr, heç, heç də və s.   

Ədatlardan sonra qrammatik prinsipə görə vergül qoyulmur. Lakin bəli, hə, yox, xeyr ədatlarından sonra intonasoyanın tələbi ilə vergül qoyulur.
Məsələn: Bəli, biz azadlığımıza qovuşduq. Hə, de görüm, mən deyən oldu, olmadı?! Xeyr, sən yanılırsan.

ƏDATLARIN BAŞQA NİTQ HİSSƏLƏRİNDƏN FƏRQLƏNDİRİLMƏSİ

Bəzi ədatlar dilimizdə başqa nitq hissələri kimi də işlənir, yəni omonim olur. Həmin ədatlar, əsasən, aşağıdakılardır:
1. Ancaq, da, ki, də sözləri bağlayıcı və ədat kimi işlənə bilir. Məsələn: Mən ancaq bu gün işlərimi qurtara bildim (ədat). Mən cox dedim, ancaq o, sözlərimə qulaq asmadı (bağlayıcı). Sən ki mənə söz vermişdin! (ədat). Sən özün dedin ki, imtahan sabahdır (bağlayıcı).

Ki bağlayıcısından sonra həmişə vergül qoyulur, ki ədatından sonra isə vergül qoyulmur.

2. Bax, qoy, gör, gəl, gəlsənə, qoysana: sözləri feil və ədat kimi işlənə bilir. Məsələn: Ora bax, gələn uşaqlardır (feil). Sözü bax belə açıq deyərlər (ədat). Çantanı yerə qoy (feil). Uşağa dəymə, qoy oyuncaqları ilə oynasın (ədat). Gedək, sən də onu gözlərinlə gör (feil). Gör bir nə iş tutdum (ədat). Bir bizim tərəflərə də gəl (feil) və s.

3. Tək sözu sifət, zərf və ədat kimi işlənir: Tək əldən səs çıxmaz (sifət). Hamı gedib, tək qalmısan (zərf). Bu işi tək sən bacararsan (ədat).

4. Elə, belə, necə, nə sözləri əvəzlik və ədat kimi işlənir. Məsələn: Elə (belə) dost çətin tapılar (əvəzlik). Elə yerində deyibsən (ədat). Bu barədə bir kəlmə belə danışma (ədat). Uşaq necə oxuyur? (əvəzlik). Amma necə dedin (ədat). və s.

5. Bir, bircə sözləri say və ədat kimi işlənir. Məsələn: Bir sən bizim Bakıya bax (ədat). Bu, bircə günlük işdir (say-bir + cə-ədat).

 Əgər bircə sözünün kökünü 2, 3 sayı ilə əvəz edə biliriksə, deməli, say + ca ədatı işlənib.

Məs: Bu, bircə (ikicə, üçcə) günlük işdir. Bircə yaz tez gəlsəydi (ədat). Bircə (ədat) sənə inanıram. (Yalnız mənasında işlənib.)

6. Bəs sözü sual ədatı olmaqla yanaşı, kifayətdir mənasında işlənib xəbər ola bilir. Məsələn: Bu məlumat mənə bəsdir.

Qeyd: Bəzən eyni bir ədat müxtəlif mənalarda işlənə bilər. Məsələn: Bu ki bizim Əlidir! cümləsində ki ədatı quvvətləndirmə mənasını, Ay uşaq, xəstələnməmisən ki? cümləsində isə sual mənasını bildirir.

Ha ədatı həm qüvətləndirici, həm də əmr ədatı kimi işlənə bilər. Feilin əmr şəkli ilə işləndikdə bu ədat əmr ədatı, digər sözlərlə işləndikdə isə qüvvətləndirici ədat olur. Məsələn: Evi təmizləyin ha (əmr). Sənə güvənirəm ha (quvvətləndirici).

ƏDATLARIN ORFOQRAFİYASI

Ədatlardan yalnız sual bildirən -mı4 və əmr bildirən -sana4 və qüvvətləndirici -ca2 ədatları sözlərə bitişik yazılır. Məsələn: gəlsənə, yazsana, aldınmı?, gördünmü? və s.

-4 sual ədatı da, də ilə işləndikdə ondan ayrı yazılır. Məsələn: Sən də mi gedirsın? O yenə də mi danışacaq?

Qalan ədatlar sözlərdən ayrı yazılır.
Bəli, xeyr, yox, hə ədatlarından sonra vergül qoyulur. Məsələn: Gəlirsənmi? Bəli, gəlirəm.


╔═══════════════════╗
  📑Özünüzü sınayın 
╚═══════════════════╝



0 yorum:

Yorum Gönder