Feil qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. feillər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından birinə cavab olur. Feilləri başqa nitq hissələrindən fərqləndirən digər qrammatik xüsusiyyətlər bunlardır:
1. Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və s
2. Təsdiq və inkarda olur. Məsələn: yazmaq-yazmamaq, gəlmək-gəlməmək və s.
3. Zaman bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı, yazır, yazacaq va s.
4. Təsirli və təsirsiz olur. Məsələn: yazmaq (nəyi?), baxmaq (nəyə?) və s.
Feillərin leksik mənaca aşağıdakı növləri var:
1. İş bildirən feillər: yonmaq, doğramaq, qazmaq, kəsmək, biçmək, tikmək və s.
2. Hərəkət bildirən feillər: qaçmaq, getmək, gəlmək, oynamaq, qalxmaq, enmək və s.
3. Nitq bildirən feillər: danışmaq, demək, çıxış etmək, pıçıldamaq, qulaq asmaq və s.
4. Təfəkkür bildirən feillər: xatırlamaq, düşünmək, yada salmaq, fikrə getmək, duymaq, hiss etmək və s.
5. Hal-vəziyyət bildirən feillər: ağlamaq, gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s.
5. Hal-vəziyyət bildirən feillər: ağlamaq, gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s.
Bütün feillərdə hərəkət vardır, lakın onların bəzilərində iş və hərəkət, digərində isə təfəkkür, hal-vəziyyət və s. daha qabarıq şəkildə özünü göstərir.
Feillər quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb.
Sadə feillər bir kökdən ibarət olur. Məsələn: yaz (mışam), oxu (du), gəl(ir), qaç, get və s.
Düzəltmə feillər
Sözdüzəldici (leksik) şəkilçilərin köməyi ilə düzələn feillər düzəltmə feillər adlanır.
Düzəltmə feillər hansı nitq hissəsindən düzəlməsinə görə iki qrupa bölünür:
1. Başqa nitq hissələrindən (isim, sifət, say və s.) düzələn düzəltmə feillər.
2. Feildən düzələn düzəltmə feillər.
Birinci qrup düzəltmə feillər aşağıdakı şəkilçilərin köməyi ilə düzəlir:
-la2: baş-la (maq), yağ-la (maq), göz-lə (mək), iş-lə (mək), iti-lə (mək), təmiz-lə(mək), irəli-lə (mək), gecə-lə (mək) və s.
-lan2: ağıl-lan (maq), alov-lan (maq), dil-lən (mək), tük-lən (mək), səs-lən (mək) və s.
-laş2: dost-las (maq), vida-laş (maq), ağır-laş (maq), halal-laş (maq), uzaq-laş (maq), sakit-ləş (mək), bir-ləş(mək), fıkir-ləş(mək), gözəl-ləş (mək), və s.
-al2 (-l): sağ-al (maq), çox-al (maq), az-al (maq), qara-l (maq), qoca-1 (maq), düz-əl (mək), gen-əl (mək) və s.
-ari: ot-ar (maq), yaş-ar (maq), ağ-ar (maq), boz-ar (maq), göy-ər (mək) və s.
Nümunələrdən göründüyü kimi, -al2 və -ar2 şəkilçiləri ilə daha çox sifətlərdən feil düzəlir.
İkinci qrup düzəltmə feillər isə feillərə bu şəkilçiləri artırmaqla düzəlir:
-ıl4: aç-ıl (maq), yaz-ıl (rnaq), səp-il (mək), əz-il (mək), vur-ul (maq), qur-ul (maq), süz-ül (mək), döy-ül (mək) və s.
-ın4 (-n): al-ın (maq), çal-tn (maq), bil-in (mək), sil-in (mək), yol-un(maq), böl-ün (mək), döy-ün (mək), qoru-n (maq), dara-n (maq), bəzə-n (mək) və s.
-ış4 (-ş): yaz-ış (maq), qaç-ış (maq), çək-iş (mək), dəy-iş (mək), vur-uş (maq), gör-üş (mək), salamla-ş (maq), ağla-ş (maq), mələ-ş (mək) və s.
-dır4: yaz-dır (maq), çat-dır (maq), sil-dir (mək), din-dir (mək), poz-dur (maq), gül-dür (mək) və s.
Bu şəkilçilər, aşağıda görəcəyimiz kimi, əsasən, feilin qrammatik mənə növlərinin şəkilçiləridir.
Qeyd: Aşağıdakı feillər quruluşca sadədir: alışmaq, ağlamaq, anlamaq, barışmaq, bağışlamaq, qızarmaq, qışqırmaq, qaldırmaq, danlamaq, dinləmək, danışmaq, dəyişmək, dağılmaq, düşünmək, yarışmaq, yapışmaq, yırğalamaq, çalışmaq, güləşmək və s.
Mürəkkəb feillər
Mürəkkəb feillər iki və daha artıq sözün birləşməsi ilə aşağıdakı bir neçə yolla yaranır:
1. Antonim və ya yaxın mənalı müstəqil feillərin birləşməsi ilə: atıb-tut (maq), küsüb-barış (maq), oturub-dur (maq), ölçüb-biç (mək, çalışıb-vuruş (maq) və s. Belə mürəkkəb feillər məcazi mənada işlənir və birinci tərəf çox vaxt –ıb4 şəkilçili feili bağlama şəklində olur. Lakin bəzən birinci tərəf feili bağlama şəkilçisiz də işlənir: ölçdü-biçdi, deyir-gülür, əlləşir-vuruşur və s. Bu cür mürəkkəb feillər defislə yazılır və əsl mürəkkəb feillər sayılır.
2. ol (maq), et (mək), elə (mək) köməkçi feillərinin başqa nitq hissələrinə qoşulması ilə: yoldaş ol (maq), yaxın ol (maq); kömək et (mək), məsləhət et (mək), təkrar et (mək) və s. Bu cür mürəkkəb feilləri tərkibi feillər də adlandırırlar.
3. -ıb4 şəkilçili feili bağlama şəklində olan feillərlə getmək, gəlmək, çıxmaq, keçmək və s. feillərin qoşulması ilə: uçub get (mək), qayıdıb gəl (mək), gəlib çıx (maq, ötüb keç (mək) Bu cür feillər də tərkibi feillər sayılır.
4. Birinci tərəfi –a şəkilçili feildən, ikinci tərəfi bilmək feilindən ibarət olan feillər də tərkibi feillərdir: yaza bil (mək), görə bil (mək) və s.
Feillər şəxsə və kəmiyyətə görə dəyişib, dəyişməməsinə görə iki qrupa bölünür:
1. Təsriflənən formalar
2. Təsriflənməyən formalar
Feilin şəxsə və kəmiyyətə görə dəyişən formalarına feilin təsriflənən formaları deyilir. Feilin təsriflənən formalarına feilin sadə və mürəkkəb şəkilləri daxildir.
Feilin sadə şəkilləri
Feilin şəkilləri danışan (haqqında danışılan) şəxsin görülən işə, hərəkətə münasibətini bildirir.
Feilin altı sadə şəkli var:
Feilin altı sadə şəkli var:
1. Əmr şəkli
2. Xəbər şəkli
3. Arzu səkli
4. Vacib şəkii
5. Lazım şəkli
6. Şərt şəkli
Əmr şəkli
Feilin əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. feil kökünə və ya başlanğıc formasına aşağıdakı şəxs şəkilçilərini (II şəxsin təkindən başqa) artırmaqla düzəlir:
I şəxs tək: -ım4 (-yım4), cəm: -aq2 (-yaq2)
II şəxs tək: __ , cəm: -ın4 (-yın4)
III şəxs tək: -sın4, cəm -sın4 +lar2
Məsələn:
Mən yaz-ım, gəl-im, oxu-yum, gör-üm və s.
Sən yaz, gəl, oxu, gör və s.
O yaz-sın, gəl-sın, oxu-sun, gor-sun və s.
Biz yaz-aq, gəl-ək, oxu-yaq, gör-ək və s.
Siz yaz~ın, gəl-in, oxu-yun, gör-ün və s.
Onlar yaz-sın-lar, gəl-sin-lər, oxu-sun-lar, gör-sün-lər və s.
Feilin əmr şəkli məzmunca indiki, yaxud gələcək zamanı bildirir.
İnkarı: -ma2 inkar şəkilçisi əmələ gəlir. Məs: Oxu-ma–yım, Oxu–ma, Oxu–ma–sın, Oxu-ma-yaq, Oxu–ma-yın, Oxu–ma-sınlar
Tələffüz forması: Oxumayaq [oxumuyax], Oxumayım [oxumuyum], Oxumayın [oxumuyun]
Xəbər şəkli
Feilin xəbər şəkli işin nə zaman və kim tərəfindən gorüldüyünü bildirir. Xəbər şəklinin də xüsusi şəkilçisi yoxdur.Zaman və şəxs şəkilçiləri ilə düzəlir: al-dı-m, al-dı-n, al-dı, al-ır-am, al-ır-san, al-ır və s. Feil xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara və şəxsə görə dəyişir.
Keçmiş zaman
İş və hərəkətin danışılan vaxtdan əvvəl baş verdiyini bildirir. Keçmiş zamanın iki növü var:şühudi keçmiş zaman və nəqli keçmiş zaman.
Şühudi keçmiş zaman iş və hərəkətin keçmişdə icra olunub-olunmadığını qəti şəkildə (şahidlik yolu ilə) bildirir. Feil kökünə və ya başlanğıc formasına -dı4 şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir: yaz-dı-m, yaz-dı-n, yaz-dı, yaz-dı-q, yaz-dı-nız, yaz-dı-lar və s.
Nəqli keçmiş zaman iş və hərəkətin keçmişdə icra olunub-olunmadığının nəticəsini nəql-nağıl etmə yolu ilə bildirir.
Nəqli keçmış zaman -mış şəkilçisi ilə düzəlir: gəl-miş-əm, gəl-rniş-sən, gəl-miş-dir, gəl-miş-ik, gəl-miş-siniz, gəl-miş-lər. Nəqlı keçmiş zaman II və III şəxslərdə -ıb4 şəkilçisi ilə də düzəlir: al-ıb-san, al-ıb-sınız, gəl-ib-sən, gəl-ib-lər və s. II şəxsin təkində və cəmində -mış4 şəkilçisinin son samiti bəzən buraxılır: al-mış-san = al-mı-san, al-mış-sınız = al-mı-sınız və s.
İndiki zaman
İş və hərəkətin danışılan zaman baş verdiyini bildirir. Feil kökünə və ya feilin başlanğıc formasına -ır4 (-yır4) şəkilçisıni və şəxs şəkilçilərini artırmaqla düzəlır: yaz-ır-am, yaz-ır-san, yaz-ır. yaz-ır-ıq, yaz-ır-sınız, yaz-ır-lar, oxu-yur-am, oxu-yur-san, oxu-yur, oxu-yur-uq, oxu-yur-sunuz, oxu-yur-lar və s.
Gələcək zaman
lş və hərəkətin danışılan zamandan sonra icra olunacağını bildirir. Gələcək zamanın iki növüvar: qəti gələcək zaman və qeyri-qəti gələcək zaman.
Qəti gələcək zaman iş və hərəkətin gələcəkdə icra olunub-olunmayacağını qəti şəkildə bildirir, -acaq2 şəkilçisi ilə düzəlir: al-acağ-am, al-acaq-san, al-acaq-dır, al-acağ-ıq, al-acaq-sınız, al-acaq-lar; gəl-əcəy-əm, gəl-əcək-sən, gəl-əcək-dir, gəl-əcəy-ik, gəl-əcək-siniz, gəl-əcək-lər və s.
Qeyri-qəti gələcək zamanda iş və hərəkətin gələcəkdə icrası qəti şəkildə bildirilmir. Feillərə -ar2 (-yar2 ) şəkilçisini artırmaqla düzəlir: yaz-ar-am, yaz-ar-san, yaz-ar, yaz-ar-ıq, yaz-ar-sınız, yaz-ar-lar; oxu-yar-am, oxu-yar-san, oxu-yar, oxu-yar-ıq, oxu-yar-sımz, oxu-yar-lar və s.
Qeyd 1: -la2 şəkilçisi ilə bitən feillərin qeyri-qəti gələcək zamanında bəzən –ar2 şəkilçisinin saiti düşür: bas-la-r-am, göz-lə-r-sən, işlə-r-ik və s.
Qeyd 2: Yuxarıda qeyd olunduğu kimi, qeyri-qəti gələcək zaman II və III səxsin təkində və cəmində inkarda işlənərkən –ar2 şəkilçisinin tərkibindəki r samiti z samitınə keçir. Məşələn: alar - almaz, gələr - gəlməz, oxuyarsan - oxumazsan və s.
Arzu şəkli
Feilin arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir.
Arzu şəklinin özünə məxsus şəkilçisi vardır: -a2. Bu şəkilçi feil köklərinə (və ya feillərin başlanğıc formasına) artırılır: vaz+a+m. yaz+a+san, yaz+a, yaz+a+q, yaz+a+sınız, yaz+a+lar; oxu+ya+m, oxu+ya+san, oxu+ya, işlə+yə+k, işlə+yə+lər və s.
Oxu, islə kimi saitlə bitən feillərdə bu şəkilçinin əvvəlinə y bitişdirici samiti artırılır. Arzu şəklində çox vaxt gərək, kaş sözləri işlənir: gərək (kaş) bil+ə+m. gərək (kaş) ged+ə+siniz və s.
Oxu, islə kimi saitlə bitən feillərdə bu şəkilçinin əvvəlinə y bitişdirici samiti artırılır. Arzu şəklində çox vaxt gərək, kaş sözləri işlənir: gərək (kaş) bil+ə+m. gərək (kaş) ged+ə+siniz və s.
Vacib şəkli
Feilin vacib şəkli gələcəkdə icra ediləcək işin zəruriliyini, vacibliyini bildirir, -malı2 şəkilçisi ilə düzəlir: al+malı+yam, al+malı+san, al+malı+yıq, al+malı+sınız, al+malı+dır+lar, gəl+məli+yəm, gəl+məli+sən, gəl+məli+dir, gəl+məli+yik, gəl+məli+siniz, gəh-məli+dır+lər və s:
Lazım şəkli
Feilin lazım şəkli gələcəkdə icra ediləcək işin lazım oiduğunu bildirir, feillərə -ası2 şəkilçisini artırmaqla düzəlir: yaz+ası+yam, yaz+ası+san, yaz+ası+dır, yaz+ası+yıq, yaz+ası+sınız, yaz+ası+dır+lar, gəl+əsi+yəm, gəl+əsi+sən, gəl+əsi+dir, gəl+əsi+yik, gəl+əsi+siniz, gəl+əsi+dir+lər və s.
Yuxarıda qeyd olunduğu kimi, feilin lazım şəklinin inkarı deyil sözü ilə işlənir: alası deyiləm, gələsi deyilik və s.
Yuxarıda qeyd olunduğu kimi, feilin lazım şəklinin inkarı deyil sözü ilə işlənir: alası deyiləm, gələsi deyilik və s.
Şərt şəkli
Feilin şərt şəkli gələcəkdə icra olunacaq iş, hərəkətin müəyyən şərtlə bağlılığını bildirir, -sa2 şəkilçisi ilə düzəlir: al+sa+m, al+sa+n, al+sa, al+sa+q, al+sa+mz, al+sa+Iar; gəl+sə+m, gəl+sə+n, gəl+sə, gəl+sə+k, gəl+sə+niz, gəl+sə+lər və s.
Feilin bu şəklində bəzən əgər bağlayıcısı da işlənır: əgər oxu+sa+m, əgər gəl+sə+n və s.
Feilin təsriflənən sadə şəkillərinə yekun olaraq yadda saxlamaq lazımdır ki, yuxarıdakı feil şəkillərindən yalnız ikisinin: əmr və xəbər şəklinin özunəməxsus şəkilçisi yoxdur. Bunlardan birincisi yalnız şəxs şəkilçilərinin, ikincisi isə (xəbər) zaman və şəxs şəkilçilərinin köməyi ilə düzəlir. Feilin qalan dörd şəklinin (arzu, vacib, lazım, şərt) hər birinin özünəməxsus şəkilçiləri vardır. –a (arzu şəklinin), -malı (vacibşəklinin), -ası (lazımşəklinin) və -sa (sərt şəklinin).
Feil köklərinə, eləcə də feillərin başlanğıc formalarına artırılan bu şəkilçilər şəxs şəkilçiləri ilə birgə işlənir; Ümumiyyətlə, şəxs şəkilçiləri müəyyən fərqli forrnalarda (bunu yuxarıdakı nümənələrdə görmək olar) feilin bütün şəkillərində işlənir. Çünki feilin təsriflənməsi onun şəxsə və kəmiyyətə görə dəyişməsi deməkdir.
Qeyd: Feil şəkillərinin əlamətləri (şəkilçiləri) qrammatik şəkilçilərdir.
Feilin qrammatik məna növləri
Feilin qrammatik məna növləri danışan şəxsin (iş görənin – subyektin) üzərində iş görülən əşya ilə qarşılıqlı münasibətini bildirir. Burada subyektin məlum olub-olmaması, işin subyektin öz üzərində görülməsi qarşılıqlı-birgə şəkildə yerinə yetirilməsi əsas götürülür.
Bu baxımdan feilin aşağıdakı qrammatik məna növləri var: məlum növ, qayıdış növ, qarşılıq-birgəlik növ, icbar növ, məchul növ.
Məlum növ
Bu növdə iş görən məlum olur. Məlum növün xüsusi şəkilçisi yoxdur. Məlum növ feillərdə iş görənin məlum olması ön plandadır. Məlum növdə olan feillər həm təsirli, həm də təsirsiz olur. Məsələn: Uşağı (kimi?) çağır. Məktubu (nəyi?) yazdım (təsirli). Evə (hara?) gedirsən. Kitaba (nəyə?) bax. Bağda (harada?) dincəlirik (təsizrsiz). Feilin məlum növü quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilər. Digər növlər isə ya düzəltmə, ya da mürəkkəb olur.
Qayıdış növ
Bu növdə də iş görən məlum olur, lakin iş subyektin öz üzərində görülür. Qayidiş növ feillər, əsasən, -il4, -in4 (-n) şəkilçiləri vasitəsi ilə düzəlir. Məsələn: Gül aç+ıl+dı. Duman çək+il+ir. Uşaq yu+yun+ur. Qadın dara+n+ır və s.
Qayıdış növ feillər, bir qayda olaraq, təsirli feillərdən düzəlir, təsirsiz olur. Məsələn: çəkmək (nəyi?) – cək+il+mək (haraya?). Düşmən geriyə çək+il+ir. Döymək (nəyi?) – döy+ün+mək (harada?). Sinəmdə qəlbim döyünür və s.
Təsirli feillərdan düzəlib təsirli olaraq qalan geyinmək və soyunmaq feilləri də qayıdış növdədir. Qızınmaq, durulmaq feilləri isə təsirsiz feildən yaranmış qayıdış növ feillərdir.
Qeyd: Ruhlanmaq, şadlanmaq, həvəslənmək , bəhrələnmək tiplis sözlər düzəltmə olsa da, məlum növ feillərdir. Çünki bu tipli sözlər kök şəkilçiyə formada ayrılır: ruh+lan+maq , məktub+lan+maq, həvəs+lən+mək
Qarşılıq-birgəlik növ
Bu növ feillər iş və hərəkətin ya qarşı-qarşıya, ya da birgə icrasını bildirir.
Qarşılıq-birgəlik növdə olan feillər –ış4, (-ş) şəkilçisi ilə düzəlir. Məsəslən: Biz yaz+ış+ır+ıq, gör+uş+ur+ük. Quzular mələ+ş+ir.
Qarşılıq bildirən feillər, əsasən, təsirli feillərdən düzəlir və təsirsiz olur. Məsələn: Biz vur+uş+ur+uq. Qoçlar döy+üş+ür və s.
Birgəlik bildirən feillər isə, əsasən, təsizrsiz feillərdən düzəlir və təsirsiz olaraq qalır. Məsələn: Uşaqlar gül+üş+ur, ağla+ş+ır, mələ+ş+ir, və s.
Qarşılıq-birgəlik növlü feillərə bənzəyən yarışmaq, güləşmək, barışmaq, çalışmaq, alışmaq, qarışmaq, sözləşmək, məsləhətləşmək kimi feillərdə məna olsa da, qarşılıq-birgəlik növün şəkilçisi işlənmədiyindən həmin feillər məlum növ sayılır.
Çünki bu sözlər kök və şəkilçiyə bu formada ayrılır: söz+ləş+mək, qarış+maq, məsləhət+ləş+mək
Qeyd: Yığışmaq, toplaşmaq feilləri təsirli feildən yaransa da birgəlik, baxışmaq feili isə təsirsiz feildən düzəlsə də qarşılıq növdədir.
İcbar növ
İcbar növ feillərdə iş və hərəkət danışan (və ya haqqında danışılan) şəxs yox, başqası icra edir. Bu növ feillərə -dır4, bəzən də -t şəkilçisini artırmaqla düzəlir. Məsələn: Məktubu yaz+dır+dım. Çəkməni sil+dir+ər+sən. Otağı döşə+t, bəzə+t. Məktubu oxu+t və s. Bu şəkilçilər təsirsiz feillərə qoşulduqda icbar növ yox, təsirsiz feildən təsirli feil düzəlir. Məsələn: Biz onu inan+dır+dı+q. (İşi görən bizik). Mən uşağı gül+dür+dü+m. (İşi görən mənəm). O, məni kiməsə oxşa+t+dı (İşi görən məlumdur+odur) və s. Belə feillərdən icbar növ düzəltmək üçün onlara yenidən icbar növün şəkilçisini artırmaq lazımdır. Məsələn: Uşağı gül+dür+t. Onu yerində otur+t+dur və s.
İcbar növ feilin yeganə növüdür ki, bir qayda olaraq, təsirli feillərdan düzəlir və təsirli olaraq qalır.
Məchul növ
Bu növ feillərda iş görən qrammatik cəhətdən məlum olmur. Məchul növ feillər təsirli feillərə -ıl4, -ın4 (-n) şəkilçilərini artırmaqla düzəlir. Məsələn: Məktub yaz+ıl+dı. İp çək+il+di. Çadır qur+ul+du. İş görüldü. Zəng çal+ın+dı. Kitab oxu+n+du. Döşəmə sal+ın+dı və s.
Məchul növ feillər də, əsasən, təsirsiz olur. Məsələn: Ağac əkildi. Qapı döyüldü. Pay bölündü və s.
Məchul növ feillər də qayıdış növ feillər kimi –ıl4 və -ın4 şəkilçiləri ilə düzəldiyi üçün ona oxşayir. Lakin məchul növdə iş görən məlum olmur, qayıdış növdə isə iş görən məlumdur. Məsələn: Otaq bəzəndl (məchul növ). Qız bəzəndi (qayıdış növ). Yun darandı (məchul növ). Qız darandı (qayıdış növ). Top meydana atıldı (məchul növ). Əsgər irəli atıldı (qayidiş növ) və s.
Bir neçə feil məchul növdə -ıl4, qayidiş növdə isə –ın4 səkilçisini qəbul edir. Məsələn: Qapı döyüldü (məchul növ). Qəlbim döyündü (qayıdış növ). Paltar yuyuldu (məchul növ). Uşaq yuyundu (qayıdış növ). İş görüldü (məchul növ). Anar göründü (qayıdış növ) və s.
-ıl4 və -ın4 şəkilçiləri iki növün (qayıdış və məchul növ) düzəlməsində iştirak etdiyi üçün omonim şəkilçilərdir.
Qeyd: Feilin qrammatik məna növlərində şəkilçi ilə mənanın vəhdəti vacib məsələlərdən biridir. Məsələn: Rəfiqələr bir-birini qucaqladılar cümləsində feil mənaca qarşılıq növə bənzəsə də, əslində məlum növdədir. Cünki qucaqladılar feilində qarşılıq növün mənası olsa sa, şəkilçisi yoxdur. Yaxud bildirmək feili təsirli feilə -dir şəkilçisi artırmaqla düzəlsə də, bu feildə icbar növün mənası yoxdur. Deməli, bu feil də məlum növdədir.
Feilin təsriflənməyən forması:
Şəxsə və kəmiyyətə görə dəyişməyən feil formalarına feilin təsriflənməyən formaları deyilir. Bu cür feillər feilin bəzi əsas əlamətlərini (təsdiq-inkar, təsirli-təsirsiz, növ bildirmə) saxlayır, feillərlə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətini daşıyır. Belə formalar 3-dür: məsdər, feili sifət, feili bağlama.
Məsdər
Həm feilin, həm də ismin əlamətlərinə malik olan sözlərə məsdər deyilir. Məsdər feilin başlanğıc forması üzərinə –maq2 bəzən də -ma2 şəkilçisi artırmaqla düzəlir. Məsələn: bağla-maq, gəl-mək, gülümsə-mək, sezmə, görmə, yazma və s. Məsdər hərəkətin adıdır. Feillər lüğətlərdə məsdər formasında qeyd olunur.
Məsdərin feilə aid əlamətləri aşağıdakılardır:
· Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn: oxu-oxumaq, yaz-yazmaq, gəl-gəlmək və s.
· Məsdər də təsdiq və inkar olur. Məsələn: gülmək-gülməmək, get-mək-getməmək, oynamaq-oynamamaq və s.
· Məsdər də feilin müəyyən qrammatik məna növündə olur. Məsələn: geyinmək (qayıdış növ), yazdırmaq (icbar növ) və s.
· Məsdər də təsirli və təsirsiz olur. Məsələn: oxumaq (təsirli), bax-maq (təsirsiz) və s.
· Məsdər də feil kimi ətrafına söz toplaya bilir. Məsələn: kitabı oxumaq, evə getmək, çəpəri sökmək və s.
Məsdərin ismə aid əlamətləri aşağıdakılardır:
· İsim kimi hallanır və mənsubiyyətə görə dəyişir. Məsələn: oxu-maq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan (isim kimi hallanması); oxumağım, oxumağın, oxumağı, oxuma-ğı-nız, oxumaqları (mənsubiyyətə görə dəyişməsi).
· III şəxsdə xəbərlik şəkilçisi (-dır4) qəbul edib cümlədə is-mi xəbər olur. Məsələn: Məqsədim yaxşı oxumaqdır.
· Qoşmalarla işlənə bilir. Məsələn: yazmaq üçün, yatmaqdan öt-rü, baxmağa görə və s.
· Cümlənin mübtədası, tamamlığı, ismi xəbəri və zərfliyi ola bilir. Məsələn: Çalışmaq baş ucalığıdır. Bu hadisədən sonra yazmağı ona yasaq etdilər. Sənin işin oxumaqdır. Universitetə qəbul olmaq üçün çox çalışır.
Məsdər digər sözləri tabe edərək məsdər tərkibi əmələ gətirir və məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olur. Məsələn: Yaxşılıq etmək insanın xislətində olmalıdır.
Feili sifətlər
Həm feilin, həm də sifətin əlamətlərini daşıyan sözlərə feili sifət deyilir. Məsələn: deyilmiş söz, oxuyan uşaq və s.
Feili sifətin feilə məxsus cəhətləri aşağıdakılardır:
· Zaman mənası bildirir. Məsələn: yazılmış məktub (keçmiş zaman), yazılacaq məktub (gələcək zaman), yazılan məktub (indiki zaman) və s.
· Təsirli və ya təsirsiz olur. Məsələn: yazan uşaq (təsirli), gülən uşaq (təsirsiz)
· Növ bildirir. Məsələn: çalınan zəng (məchul növ), savaşan qoşunlar (qarşılıq növ) və s.
· Təsdiq və ya inkar olur. Məsələn: yazılmış məktub (təsdiq), yazılmamış məktub (inkar)
· Ətrafına sözlər toplaya bilir. Məsələn: İşinə vicdanla yanaşan mühəndis.
Feili sifətin sifətə məxsus cəhətləri aşağıdakılardır:
· Əlamət bildirir
· Necə? nə cür? hansı? suallarına cavab verir
· Aid olduğu ismin əvvəlində gəlir
· Cümlədə təyin vəzifəsində işlənir
· Xəbərlik şəkilçisi (-dır4) qəbul edərək ismi xəbər olur.
Feili sifət düzəldən şəkilçilər:
1. –mış4: Məsələn: yazıl-mış məktub, quru-muş ağac (mış4 şəkilçisi keçmiş zaman mənalı feili sifət əmələ gətirir).
2. –dıq4: Bu şəkilçi mənsubiyyət şəkilçisi ilə işlənir və keçmiş zaman mənalı feili sifət əmələ gətirir. Məsələn: yaz-dığ-ım məktub, gör-dü-yüm iş, oxu-duğ-u mahnı.
3. –an2: Bu şəkilçi vasitəsilə indiki zaman mənalı feili sifətlər əmələ gəlir. Məsələn: qaç-an at, oxu-yan bülbül və s.
4. –acaq2, -ası2, -malı2: Bu şəkilçilərlə gələcək zaman mə-na-lı feili sifətlər yaranır. Məsələn: deyil-əsi söz, gəl-əcək qonaq, yeyil-mə-li meyvə.
Qeyd:
a) Feildən düzələn sifətlər ancaq sifətin (gül-əyən uşaq, az-ğın düşmən, qorx-unc hadisə və s.), feili sifətlər isə həm sifətin, həm də feilin əlamətlərini daşıyır (deyil-əcək söz, gül-ən adam, yeyil-məli çörək və s.)
c) –mış2, -acaq2 şəkilçisi qəbul etmiş sözlər şəxs şəkilçisi qəbul etdikdə feil (yaz-mış-am, yaz-acaq-san və s.), qəbul edə bilmədikdə feili sifət olur (yazıl-mış məktub, yazıl-acaq məktub və s.)
Feili sifət onunla əlaqəyə girən sözlə birlikdə feili sifət tərkibi əmələ gətirir. Bu cür birləşmələr feili birləşmələr adlanır və cümlənin mürəkkəb üzvü olur. Məsələn: Gündəlik dərsləri oxu-yan-lar imtahanda çətinlik çəkməzlər.
Sifət və saylar kimi, bəzən feili sifətlər də isimləşə, substantivləşə bilir və bu zaman feili sifətlər sifətin suallarına deyil, ismin suallarına cavab verir. Ən çox –acaq2, -mış2, -an2, -malı2 şəkilçisi ilə düzələn feili sifətlər isimləşir.
Feili bağlamalar
Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlərə feili bağlama deyilir.
Feili bağlamanın feilə aid xüsusiyyətləri aşağıdakılardır:
· Feillə eyni leksik məna daşıyır, leksik məna dəyişmir.
· Təsirli və təsirsiz olur: al-ıb (təsirli), otur-anda (təsirsiz)
· Təsdiq və ya inkar olur: al-dıqda, al-ma-dıqda
· Məna növlərində (məlum, məchul, qayıdış və s.) olur
· Ətrafına söz toplaya bilir (səni görəndə, məktubu alanda)
Zərfə aid olan xüsusiyyətləri aşağıdakılardır:
1. Hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirir.
2. Zərfin suallarına (necə? nə zaman? nəyə görə? və s.) cavab olur.
3. Əlaqəyə girdiyi sözlə birlikdə cümlənin zərfliyi olur.
Feili bağlama şəkilçiləri:
–ıb2: Bu şəkilçi ilə düzələn feili bağlamalar işin əsas feildəki işdən əvvəl icra olunduğunu, eyni zamanda hərəkətin tərzini və səbəbini bildirir. Məsələn: Süleyman ali məktəbi bitirib, Zəngilan və Cəbrayıl rayonlarında bir neçə il işləmişdi. O, bardaş qurub taxtda oturdu və s.
–araq2: Bu şəkilçi ilə düzələn feili bağlamalar mənasına görə –ıb4 şəkilçisi ilə düzələn feili bağlamalara oxşardır. Hirslən-ərək, gül-ərək, yan-araq və s.
–a2, -a2: Eyni formanın təkrarı ilə düzələn belə feili bağlamalar daha çox tərz mənası bildirir. Məsələn: danış-a – danış-a, gör-ə – gör-ə və s.
–madan2: Bu şəkilçi ilə düzələn feili bağlamalar hərəkətin tərzini bildirir. Məsələn: hazırlaş-madan, düşün-mədən və s.
Zaman məzmunu bildirən feili bağlama şəkiçiləri:
–anda2: al-anda, oxu-yanda
–dıqda2: al-dıqda, gəl-dikdə
–arkən2: al-arkən, gəl-ərkən
–ınca2: al-ınca, gəl-incə
–dıqca2: Al-dıqca, gəl-dikcə
–ar2, -maz2: Qoşa işlənən feilin biri –ar2 (təsdiq), digəri –maz2 (inkar) şəkilçisi ilə işlənmiş olur. Məsələn: oxu-yar – oxu-maz, yat-ar – yat-maz və s.
Feili bağlama və onunla əlaqəyə girən söz feili bağlama tərkibi əmələ gətirərək cümlənin mürəkkəb üzvü olur. Məsələn: Məhinbanu dayananda Məmmədrəfi otaqdan çıxmışdı.
İdi, imiş, isə hissəcikləri
İdi, imiş, isə hissəcikləri feillərin və adların üzərinə artırılır.
İdi, imiş hissəcikləri əmr şəkli və şühudi keçmiş zaman istisna olmaqla, feilin digər şəkillərinə artırıla bilir.
İdi, imiş hissəcikləri sonu samitlə bitən feil şəkillərində həm ayrı, həm də bitişik yazılır: almış idi – almışdı, gələcək imiş – gələcəkmiş və s.
İdi, imiş hissəcikləri sonu saitlə bitən feil şəkillərində isə, əsasən, ayrı yazılır: kaş ala idi, almalı imiş, alası idi, alsa imiş və s.
Şəxs şəkilçiləri idi hissəciyi və ya onun şəkilçiləşmiş formasından (-dı4) sonra (alası idik; gələcəkdiniz), imiş hissəciyi və ya onun şəkilçiləşmiş formasından (-mış4) isə həm sonra, həm də əvvəl (gedəsi imişsən; gələcəksinizmiş) artırılır.
İsə hissəciyi idi və imiş hissəciklərindən bir neçə xüsusiyyətinə görə fərqlənir:
1. İdi və imiş hissəcikləri şühudi keçmiş zamanda olan feillərə qoşulmadığı halda, isə hissəciyi həmin zamana artırıla bilir. Məsələn: yazdısa, gəldisə, oxudusa, gördünsa və s.
2. İdi və imiş hissəcikləri feilin arzu və şərt şəkillərinə qoşulur, isə hissəciyi isə feilin əmr şəklindən başqa, arzu və şərt şəkillərinə də artırıla bilmir.
3. İsə hissəciyi həmişə şəxs şəkilşilərindən sonra artırılır. Məsələn: almışamsa, alasısansa, almalıdırsa və s.
İsə hissəciyi də İdi və imiş hissəcikləri kimi iki cür yazılır: ayrı və bitişik (qısa formada -sa2 şəklində):Məsələn: almış isə – almışsa, gələcək isə – gələcəksə və s.
İdi, imiş və isə hissəciklərinin qısa formaları olan -dı4, -mış4, və -sa2 zahirən şühudi və nəqli keçmiş zamanların -dı4, -mış4 şəkilçilərinə, eləcə də, feilin şərt şəklinin -sa2 şəkilçisinə oxşayır. Bunları qarışdırmamaq üçün nəzərə almaq lazımdır ki, idi, imiş və isə hissəciklərinin qısa formaları olan -dı4, -mış4 və -sa2 feil şəkilçilərinin əlamətlərindən sonra artırılır. Məsələn: al-ır-dı, gəl-miş-di, al-ır-mış, gəl-ib-miş, oxu-yar-mış və s.
Feilin zaman şəkilçiləri olan -dı4, -mış4 və şərt şəklinin morfologi əlaməti olan -sa2 isə birbaşa feilə bağlanır.
Qeyd: isə (-sa2) hissəciyi idi (-di4), imiş (-miş4) hissəciklərinin üzərinə də artırıla bilir. Məsələn: gələcəkdisə, bilirmişsənsə vəs .
İdi, imiş və isə hissəciklərin adlarla işlədilməsi
İdi, imiş və isə hissəcikləri adlarla da (isim, sifət, say və s.) artırıla bilər. Bu halda həmin hissəciklərlə bağlı bu xüsusiyyətlər yaranır:
1. İdi və imiş hissəcikləri isim, sifət, say, əvəzlik və zərflərlə birlikdə cümlənin ismi xəbəri olur. Məsələn: şagird imiş, çalışqan idi, beşinci idi, o idi, gecə imiş və s.
2. İsə hissəciyi müstəqil (baş) cümlədə xəbər əmələ gətirə bilmir. Buna görə də o, şəxs şəkilçilərindən sonra işlənir: həkiməmsə, yaxşısansa, gecdirsə, irəlidədirsə və s.
İdi və imiş hissəcikləri istərsə feillərlə, istərsə də, başqa nitq hissələrinə qoşulduqda müəyyən bir iş, hadisə haqqında sonradan verilən məlumatı bildirir. Məsələn: gəlirdi, gəlmişdi, gəlirmiş, gəlibmiş, usta idi, pis imiş, sonuncu idi, birinci imiş, irəlidə idi, geridə imiş və s.
İsə hissəciyinin qoşulduğu bütün nitq hissələri isə şərt məzmununu bildirir. Məsələn: gəlirsə, gəlmişsə, gələrsə, müəllim isə, yaxşı isə, birincidirsə, irəlidəyəmsə və s.
Bundan başqa, idi, imiş, isə hissəcikləri məsdər və bəzi feili sifətlərə də artırıla bilir. Məsələn: oxumaqdırsa, gələn idi, yaşamaq imiş və s.
╔═══════════════════╗
📑Özünüzü sınayın 1
╚═══════════════════╝
╔═══════════════════╗
📑Özünüzü sınayın 2
╚═══════════════════╝
╔═══════════════════╗
📑Özünüzü sınayın 3
╚═══════════════════╝
╔═══════════════════╗

╚═══════════════════╝
╔═══════════════════╗
📑Özünüzü sınayın 2
╚═══════════════════╝
╔═══════════════════╗
📑Özünüzü sınayın 3
╚═══════════════════╝
çətin mövzudur, ümid edirəm ki , öyrənə bilərəm.
YanıtlaSil