Bağlayıcı – cümlə üzvləri və ya cümlələr
(bəzən də abzaslar) arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə
bağlayan köməkçi nitq hissəsidir.
Cümlədəki vəzifəsinə (sintaktik vəzifəsinə)
görə bağlayıcılar iki növə bölünür: tabesizlik
bağlayıcıları və tabelilik
bağlayıcıları.
TABESİZLİK BAĞLAYICILARI
Həm sadə cümlədə, həm də tabesiz mürəkkəb
cümlələrdə işlənir. Sadə cümlələrin həmcins üzvlərini, tabesiz mürəkkəb cümlələrin
isə tərkib hissələrini bir-birinə bağlayır.
Tabesizlik bağlayıcılarının mənaca
aşağıdakı növləri var:
1.
Birləşdirmə bağlayıcıları: və, ilə (-la,
-lə). Məsələn:
Sagird üçün nizam-intizam və çalışqanlıq
başlıca şərtdir. Əli ilə Aydın bir sinifdə oxuyurlar.
Və bağlayıcısı istər sadə cümlənin həmcins üzvlərini,
istərsə də tabesiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayır. Məsələn: Günay və Aysu rəfiqədirlər (sadə cümlə).
Zəng vuruldu və şagirdlər sinfə daxil
oldular (tabesiz mürəkkəb cümlə).
İlə bağlayıcısı isə yalnız sadə cümlənin həmcins
üzvlərini bir-birinə bağlayır.
2.
Qarşılaşdırma bağlayıcıları: amma, ancaq,
lakin, fəgət, halbuki, isə.
Məsələn: Qonaq onu tanıdı, amma (ancaq,
lakin) heç nə demədi.
3.
Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya
da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə, istərsə də, yaxud. Məsələn: Ya
yaz, ya da diqqətlə qulaq as. Gah gün çıxırdı, gah da yağış yağırdı. İstər
şagirdlər, istərsə də müəllimlər bir mövzunu çox xoşlayırlar.
4.
İştirak bağlayıcıları: həm, həm də, həm də
ki, nəinki, o cümlədən, hətta, habelə, həmçinin, da-da (də-də), da, də. Məsələn: Uşaq
həm gündüzlər, həm də gecələr dincəlmir. Bütün kənd camaatı, hətta qocalar düşmənə
qarçı vuruşur. Baba da, nənən də sevinirdi. İclasda kadr məsələsi də müzakirə
olundu. Onlar da zəlzələdən zərər çəkənlərə yardım göndərdi.
5.
İnkarlıq bağlayıcıları: nə, nə də, nə də
ki. Məsələn: Uşaq nə yazır, nə də oxuyur. Bu bağlayıcıların işləndiyi cümlələrin xəbəri
təsdiqdə olur.
6.
Aydınlaşdırma bağlayıcıları: yəni, yəni
ki, məsələn. Məsələn: Bakının zəngin sərvəti, yəni nefti var. O,
bir çox şairlərin, məsələn – Füzulinin və Nəsiminin şeirlərini əzbər bilir.
TABELİLİK BAĞLAYICILARI
Yalnız tabeli mürəkkəb cümlələrdə işlənir
və onların tərkib hissələrini bir-birinə bağlayır.
1.
Səbəb bağlayıcıları: çünki, ona görə ki,
ona görə də, ondan ötrü ki, onun üçün ki, buna görə də. Məsələn: Uşaq
dərsə getməmişdi, çünki başı ağrıyırdı. Mən təyinatımı kəndə aldım, ona görə ki
orada müəllimə ehtiyac var.
2.
Şərt bağlayıcıları: əgər, hərgah, indi
ki, madam ki, bir halda ki və
s. Məsələn: Əgər belə oxusan, əlaçı
olarsan. İndi ki sən gedirsən, mən getmirəm.
3.
Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s: Məsələn: Hərçənd ki o, heç kimi eşitmir,
yenə də xahiş edərik.
4.
Aydınlaşdırma bağlayıcıları: ki, belə ki: Məsələn: Müəllim
dedi ki, sabah inşa yazagaqsınız.
BAĞLAYICILARIN QURULUŞCA NÖVLƏRİ
Bağlayıcılar quruluşca sadə və mürəkkəb
olur.
SADƏ
BAĞLAYICILAR: Və, ilə, amma, ancaq, lakin, gah, yəni, hərçənd,
hətta, əgər, çünki .
MÜRƏKKƏB
BAĞLAYICILAR: halbuki, habelə,
hərgah ,nəinki,
Ayrı yazılan bağlayıcılar isə tərkibi
bağlayıcılar adlanır. indi ki, ona görə
ki, belə ki, yəni ki, həm də, ya da istərsə də, gah da
BAĞLAYICILARIN ORFOQRAFİYASI:
Cümlədə təkrar olunan (qoşa işlənən) həm,
həm də, ya, ya da, gah, gah da, nə, nə də və s. bağlayıcılarında birincisi
xaric digərlərindən əvvəl vergül qoyulur. Məsələn: Həm oxuyur, həm də işləyir.
Amma, ancaq, lakin bağlayıcılarından əvvəl
vergül qoyulur. Məsələn: Göy guruldadı,
amma yağış yağmadı. Bu bağlayıcılar bir-birini əvəz edə bilir, yəni sinonim
bağlayıcılardir.
Təkrar işlənən da, də
bağlayıcılarından sonuncusu istisna olmaqla, digərlərindən sonra vergül
qoyulur. Məsələn: Uşaq da, cavan da, qoca
da azadlıq istəyir.
Qeyd:
Əgər da,də bağlayıcısı tək işlənibsə,
vergül qoyulmaz. Məsələn: O da gələcək.
Mürəkkəb cümlələrdə işlənən çünki, ona görə ki, ona görə də bağlayıcılarından
əvvəl vergül qoyulur. Məsələn: O bunu bilmirdi , çünki kimsə ona bu haqda məlumat
verməmişdir.
Güzəşt və şərt bağlayıcıları tabeli
mürəkkəb cümlənin tərkibində işlənir, bu zaman birinci cümlədən sonra vergül
qoyulur. Məsələn: Hərçənd bilmirdi, kimsə
onu danlamadı. Əgər gəlsələr, bizə xəbər verərsiniz.
Yəni,
məsələn – aydınlaşdırma bağlayıcılarında
vergül sonra qoyulur. Məsələn: Məclisə hər
kəs, məsələn: qohumlar, dostlar dəvət olunmuşdu. Dostumu, yəni Raufu ilk dəfə
bu vəziyyətdə görürdüm.
Qeyd
1: İlə bağlayıcısı və ilə qoşması omonimdir. Bunları bir-birindən fərqləndirmək üçün nəzərə
almaq lazımdır ki, bağlayıcı kimi işlənən ilə sözünü (və ya onun qısa -la2
şəklini) və bağlayıcısı ilə əvəz etmək mümkündür. Məsələn: Tural ilə Anar qardaşdır – Tural və Anar qardaşdır. İlə qoşmasını
isə və bağlayıcısı ilə əvəz etmək mümkün deyil. Məsələn: Əli ilə vacib işim var.
Qeyd
3: Ki bağlayıcısı ilə sifət düzəldən
-kı4 şəkilçisini qarışdırmamalı. Sifət düzəldən -kı4 şəkilçisi
dörd cür yazılır və əsasən, zaman bildirən sözlərə artırılır: səhərki (görüş),
axşamkı (qonaq) və s. Bu şəkilçi yiyəlik halda olan əvəzliklərə da qoşulur:
bizimki, onlarınkı, özümüzünkü və s.
╔═══════════════════╗
📑Özünüzü sınayın
╚═══════════════════╝
╔═══════════════════╗
📑Özünüzü sınayın
╚═══════════════════╝
0 yorum:
Yorum Gönder