Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

QOŞMA

İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq, müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə qoşma deyilir.
Qoşmalar, əsasən, isimlərə, əvəzliklərə, məsdərlərə, bəzi zərflərə, eləcə də isimləşən başqa sözlərə də qoşula bilir. Məsələn: Onlar Akiflə razılaşdılar. Oxumaq üçün kitabxanaya getdik. Dünənə kimi hava isti idi. Oxuduğuma görə imtahanda yaxşı nəticə göstərdim.

Qoşmalar ismin 4 halında olan sözlərə qoşulur:

1. Adlıq halda işlənən qoşmalar.

Adlıq halda olan sözlərə qoşulan qoşmalar bunlardır: qədər, kimi, -tək, üçün, ilə (-la2), -ca2. Bu qoşmalardan ilk üçü -qədər, kimi, -tək, bəzən də -ca2 müqayisə, bənzətmə, tərz mənasını bildirir. Məsələn: Qızın dişləri mirvaritək ağappaq idi. Sevincindən quş kimi uçurdu. Dəryaca ağlın olsa….
Kimi qoşması adlıq feili sifətlərə qoşularkən zaman mənası da bildirir. Məsələn: Qatar dayanan kimi hamı ona tərəf qaçdı. Anamı görən kimi çox sevindim və s.
-tək -ca2 qoşması qoşulduğu sözlərə bitişik şəkildə yazılır.
İlə, bəzən də -ca2 qoşması birgəlik, vasıtə mənası bildirir. Məsələn: Əlik ilə işim var. Lənkərana gəmi ilə getdik. Yol boyunca ağaclar əkilmişdi və s.
İlə qoşması samitlə bitən isimlərə qoşulduqda həm ayrı, həm də bitişik (-la, -lə şəklində) yazılır. Məsələn: Nurlan ilə – Nurlanla və s. Saitlə bitən sözlərdə isə bu qoşma həmişə ayrı yazılır.
İlə qoşması ayrı yazildıqda (ynan, ynən) səklində tələffüz olunur. Məsələn: atası ilə – atasiynan, gəmi ilə – gəmiynən. Qoşma bitişik yazıldıqda isə -nan, -nən şəklində tələffüz olunur. Məsələn: qardaşımla – qardaşımnan, qələmlə- qələmnən və s.
Üçün qoşması isə səbəb və məqsəd mənasını bildirir. Məsələn: anam üçün, oxumaq üçün və s.
Üçün qoşması samitlə bitən sözlərdən sonra (-çın4), saitlə bitən sözlərdən sonra isə (-yçın4) şəklində tələffüz olunur. Məsələn: atam üçün (atamçün), qonşu üçün (qonşuyçün) və s.

2. Yiyəlik halda işlənən qoşmalar.

Yilyəlik halda olan sözlərə qoşulan qoşmalar bunlardır: qədər, kimi, -tək, üçün, ilə (-la2). Bu qoşmalardan ilk üçü – kimi, tək, qədər müqayisə, bənzətmə mənasını bildirir. Məsələn: Onun kimi dost çətin tapılar. Sultan sənin qədər çalışırdı. Onuntək adamlar buvəzifəniyerinə yetirə bilərlər.
İlə qoşması birgəlik, vasitə mənasını bildirir. Məsələn: Səninlə işim var. Onunla gəzməyə gedirdik və s.
Üçün qoşması isə səbəb və məqsəd mənasını bildirir. Məsələn: sənin üçün,bizim üçün və s.
Uğrunda, naminə, haqqında, barəsində və s. qoşmaları da adlıq və yiyəlik hallı sözlərə qoşula bilir.

3. Yönlük halda işlənən qoşmalar.

Yönlük halda olan sözlərə qoşula qoşmalar bunlardır: qədər, kimi, -dək, -can2, tərəf, doğru, qarşı, sarı, görə, əsasən, aid, dair, məxsus.
Qədər, kimi, -dək, -can2 qoşmaları məsafə və zaman mənasını bildirir. Məsələn: Kəndə qədər (kimi) piyada getdik. Axşama qədər səni gözləmişəm. Uşaq yüzəcən saydı və s.
Tərəf, doğru, qarşı, sarı qoşmaları yönəlmə, istiqamət mənalarını ifadə edir. Məsələn: bağa tərəf, evə doğru, küləyə qarşı və s.
Görə qoşması səbəb və istinad bildirir. Məsələn: Xəstəliyinə görə onu evə buraxdılar. Rəhbərliyin əmrinə görə bizi burada saxladılar. və s.
Əsasən qoşması da istinad bildirir. Məsələn: Qərara əsasən onlara güzəştlər ediləcək.
Aid, dair, məxsus qoşmaları da aidlik bildirir. Məsələn: Fəlsəfəyə dair mülahizələri var. Sənə aid olan kitabları apararsan.
Yönlük halda işlənən qoşmalardan -dək-can2 sözlərə bitişik şəkildə yazılır. Məsələn: evədək, axşamacan, kəndəcən və s.

4. Çıxışlıq halda işlənən qoşmalar.

Əvvəl,  sonra, qabaq, bəri, başqa, savayı, ayrı,özgə, əlavə, qeyri, ötrü. Bu qoşmalar - əvvəl, sonra, qabaq, bəri zaman mənasını bildirir.
Ötrü qoşması səbəb-məqsəd mənasını bildirir. Qoşmalardan başqa, savayı, ayrı, özgə, qeyri isə fərqlənmə mənasında işlənir.

Qoşmalar qoşulduğu sözlə birlikdə bir cümlə üzvü olur. Məsələn: “Bu kitablar şagirdlər üçündür.” cümləsində üçündür qoşmasını ayrılıqda xəbər kimi götürmək olmaz, o, şagirdlər sözü ilə birlikdə sadə ismi xəbərdir.

Sinonim qoşmalar

Bəzi qoşmalar bir-biri ilə sinonimdir. Sinonim qoşmalar cümlədə biri digərini əvəz edə bilir.
Aşağıdakı qoşmalar sinonimdir:
Adlıq və yiyəlik halda qoşmalardan kimi – -tək (bəzən də qədər) bir-biri ilə sinonimdir. Yönlük halda işlənən sinonim qoşmalar kimi, -dək, -can2 sarı, tərəf, doğru qoşmalarıdır. Əvvəl-qabaq, başqa-savayı, qeyri-özgə qoşmaları isə çıxışlıq halda işlənən sinonim qoşmalardır.
İlə – -ca2, qədər- -ca2, üçün - ötrü -  görə qoşmalarıda sinonim kimi işlənə bilir. Məsələn: dağ yolu ilə – dağ yolunca, mənim qədər – mənimcə, uşaqlar üçün – uşaqlardan ötrü və s.
Sonra və bəri qoşmaları cümlə daxilində sinonimlik yarada bilir. Məsələn: O zamandan sonra (bəri) Əkrəm daha buralara gəlmədi.

Omonim qoşmalar

Bəzi qoşmalar omonim kimi işlənir. Məsələn:
Tərəf: isim kimi (Bu tərəf meşəlikdir.) və qoşma kimi (Evə tərəf gedirəm.).
Tək: sifət kimi (Tək əldən səs çıxmaz.), zərf kimi (Tək gəlibdir.), ədat kimi (Tək sən bunu görə bilərsən.) və qoşma kimi (Bənövşətək ənbər zülfün).
Sarı: feil kimi (Yaranı sarı), qoşma kimi (Məktəbə sarı yollandılar.) və sifət kimi (Sarı qələmi mənə ver.).
Əvvəl: zərf kimi (Əvvəl sən düşün.) və qoşma kimi (Dərsdən əvvəl getdi.).
Doğru: sifət kimi (Doğru söz acı olar.), zərf kimi (Doğru danış.) və qoşma kimi (Evə doğru qaçdı.).
Özgə: sifət kimi (Özgə insan) və qoşma kimi (Səndən özgə kimim var?).
Qabaq: sifət kimi (qabaq sıra), zərf kimi (Qabaq bunlar burada yox idi.), isim kimi (şirin qabaq) və qoşma kimi (səndən qabaq).
Qarşı: qoşma kimi (Mənə qarşı çıxma.), zərf kimi (Qarşı gəlmə, qaçaram.) və sifət kimi (qarşı tərəf).
Kimi: qoşma kimi (səhərə kimi) və əvəzlik kimi (Kimi gəlir, kimi gedir.).
Sonra: qoşma kimi (səndən sonra), zərf kimi (Sonra sən gəl.).
Əsasən: qoşma kimi (dediklərinə əsasən) və modal söz kimi (Sən, əsasən, mənə inan.).
Bəri: qoşma kimi (dünəndən bəri) və zərf kimi (Bəri gəl.).
Üçün, ötrü, görə, savayı sözləri yalnız qoşma olur.


╔═══════════════════╗
  📑Özünüzü sınayın
╚═══════════════════╝

0 yorum:

Yorum Gönder