Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

ƏVƏZLİK

İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s.
Bu cümlələrdəki o, həmin, neçənci necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfin yerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.

Əvəzliyin mənaca növləri

Əvəzliyin mənaca aşağıdakı növləri vardır:

Şəxs əvəzlikləri

İsmin yerində işlənən və kim?, nə? suallarına cavab verən əvəzliklərə deyilir. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur və şəxsə görə üç növə bölünür:

I şəxs (danışan): təkdə – mən, cəmdə – biz
II şəxs (dinləyən):təkdə – sən, cəmdə – siz
III şəxs (haqqında danışılan): təkdə – o, cəmdə – onlar.

I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzlik isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: Qoyun ev heyvanıdır. O, ildə bir, bəzən də iki bala verir. Yaqut qiymətli daşdır. O, Bədəxşanda olur və s. III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Deməli, şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada şəxs sözü qrammatik mənadadır.

Şəxs əvəzliklərinin aşağıdakı xüsusiyyətləri var:

  1. Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur.
  2. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə -im şəkilçisini qəbul edir. Müqayisə edin: vətən ismi yiyəlik halda vətən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur.
  3. Şəxs əvəzlikləri cümlədə, əsasən, mübtəda, tamamlıq, xəbərlik (şəxs) şəkilçisi qəbul etdikdə isə xəbər olur. Qeyd 1: Bizim və sizin şəxs əvəzlikləri III növ təyini söz birləşmələrinin I tərəfi olduqda II tərəf mənsubiyyət şəkilçisiz işlənərsə, bu sözlər cümlə üzvü kimi təyin olur. Məsələn: Bizim (hansı?) məktəb şəhərin mərkəzində yerləşir. Qeyd 2: Hər üç şəxsin cəmində olan şəxs əvəzlikləri cümlədə yer, məkan mənasını bildirərsə, cümlənin yer zərfliyi olur. Məsələn: Sabah bizə (haraya?) gələrsən.
  4. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.
  5. Şəxs əvəzliklərindən biz və siz cəm şəkilçisi ilə işlənə bilir. Məsələn: Bizlər bu dünyaya qonaq gəlmişik. Sizlər bizim əziz qonaqlarımızsınız.
Mən,  sən, o şəxs əvəzliklərinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi -dan2 (-nan2) şəklində tələffüz olunur: məndən – mənnən, səndən - sənnən, ondan – onnan və s.

Qeyri-müəyyən əvəzliklər

Qeyri-müəyyən əvəzliklər – ismin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir. Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur.

Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kimsə, kim isə, nəsə, nə isə, hamı, kimi, hərə, bəzi, bəzisi, bəziləri, hər kəs, hər şey, hər nə və s.

Qeyri-müəyyən əvəzliklər isim kimi hallanır. Kim isə, nə isə qeyri-müəyyən əvəzlikləri hallanarkın hal şəkilçisi I tərəfə artırılır. Məsələn: kimin isə, nəyə isə, kimdən isə və s.

Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıq olur. Məsələn: Hamı gülür (mübtəda). Hərənizə bir sualım var (tamamlıq). Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Bu işdə günahkar hamımızıq.

Qeyri-müəyyən əvəzliklərin çoxu mənsubiyyətə görə dəyişir. Məsələn: hər şeyim, hamımız, hərəniz və s.

Qeyd: Biri, hamı, hərə əvəzlikləri cəmlənmir.

Qeyd: Bəzi əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra ismi əvəz edir.Məs: Bəzisi, bəzisinə və s.

İşarə əvəzlikləri

İşarə əvəzlikləri – işarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. O, bu, elə, belə, həmin, həmən sözləri işarə əvəzlikləridir.

O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və hansı? sualına cavab olur. Məsələn: Bu (hansı?) kitab maraqlıdır. O (hansı?) ağac çinardır. Həmin (hansı?) oğlan tələbədir və s. Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur. Bəzi hallarda bu əvəzliklər sayi, feili sifəti və əvəzliyin özünü də əvəz edə bilir. Məsələn: Görünən bina beşinci binadır. Mənim xalam da o binada yaşayır.  Danışan uşaq beşinci sinifdə oxuyur. Həmin uşağı mən çoxdan tanıyıram və s.

Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənir. Məsələn: Belə (elə) dostdan kim inciyər. Elə oxu ki, mən də eşidim.  Bu əvəzliklər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə isə zərflik olur. Elə, belə əvəzlikləri yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır. Məsələn: Elələrindən uzaq qaç. Meyvənin beləsini almaq lazımdır.

Həmin işarə əvəzliyi isə ancaq sifəti əvəz etdiyi üçün hallanmır.

Qeyd: O əvəzliyi həm şəxs, həm də işarə əvəzliyi ola bilər. Bu əvəzlik ismi əvəz etdikdə şəxs, sifəti əvəz etdikdə isə işarə əvəzliyi hesab olunur. Məsələn: O, (kim?) insandır (şəxs əvəzliyi). O (hansı?) həkimi mən də tanıyıram (işarə əvəzliyi). Bu əvəzliyi isə həm isim, həm də sifəti əvəz etdikdə işarə əvəzliyi sayılır.

Obu əvəzlikləri ismin xüsusiyyətlərini daşıyarkən cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və xəbər olur. Məsələn: Bu, (nə?) uşağın kitabıdır. Onu Namiqin dostundan alarsan. Bundan (kimdən?) muğayat ol. Təriflədiyim oğlan budur (kimdir?).

İsmi əvəz edən o, bu əvəzliklərindən sonra feil, əvəzlik və köməkçi nitq hissələrindən (modal sözlər istisna) başqa, qalan nitq hissələri ilə ifadə olunan sözlər gəldikdə vergül qoyulur.

Köməkçi nitq hissələrindən olan modal sözlər obu əvəzliklərindən sonra gələrsə, o və bu əvəzliklərindən sonra vergül qoyulur. Məsələn: O, əlbəttə, sənə inanır. Bu, təssüf ki, babamdan qalan son yadigardır.

Obu əvəzliyi sifəti əvəz etdikdə isə onlardan sonra vergül qoyulmur. Məsələn: O axşam nəsə baş vermişdi.

Sual və təyini əvəzliklər

Sual əvəzlikləri sual bildirən sözlərə deyilir. Əsas nitq hissələrinin sualları, yəni kim?, nə?, hara?, necə?, nə cür?, neçənci?, neçə?, nə zaman? və s. sual əvəzlikləridir. Bunlar isim, sifət, say və zərfi sual şəklində əvəz edir və ya cavab almaq məqsədilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Kim?, nə? hara? ismin sualı olduğu üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur. Məsələn: Kim dərsə gəlməyib? Kimi istəyirsiniz? Kimin var? Haranız ağrıyır? Nələri görmədik? Kimlər gəldi, kimlər getdi?

Sual əvəzlikləri başqa nitq hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn: Hamı gülür. Kim gülür? Biz kəndə gedirik. Kim kəndə gedir?

Təyini əvəzliklər

Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Hər, bütün, filan, eyni, öz özüm, özün, özü, özünüz, özləri sözlərindən ibarətdir. Məsələn: Hər gözəlin bir eybi olur. Mənim üçün bütün güllər gözəldir. Hər gülün öz ətri var.

Təyini əvəzliklərdən hər, bütün, filan əvəzlikləri hansı? sualına cavab verir, cümlədə təyin olur və hallanmır.

Qeyd: Öz əvəzliyi özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir və həmin sözlə birlikdə bir cümlə olur. (Müstəqil cümlə üzvü ola bilmir). Məsələn: Mənə öz kitabım (nə?) lazımdır.

Qeyd : Öz əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdə tək işlənir və ismi əvəz edə bilir. Məsələn: Özüm , Özümü , Özümə və s.

Qeyd: Eyni əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra ismi əvəz edə bilir, hallanır. Məsələn: Eynisi, eynisini, eynisinə və s.

Əvəzliyin quruluşca növləri

Əvəzliklərin çoxu quruluşca sadədir. Məsələn: mən, biz, onlar, bu, həmin və s. Biri, kimi, kimsə, hərə, nəsə, neçənci əvəzlikləri düzəltmə; kim isə, heç kim, heç nə, filankəs və s. əvəzlikləri isə quruluşca mürəkkəbdir.

╔═══════════════════╗
  📑Özünüzü sınayın 
╚═══════════════════╝

1 yorum:

  1. Çox gözəl iş görmüsünüz, davamlı olmasını arzulayıram.

    YanıtlaSil