Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı
şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci
sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı.
Müəllim necə danışırdı? və s.
Bu cümlələrdəki o, həmin, neçənci və necə
əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfin yerində işlənmişdir.
Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.
Əvəzliyin mənaca növləri
Əvəzliyin mənaca aşağıdakı növləri
vardır:
Şəxs əvəzlikləri
İsmin yerində işlənən və kim?,
nə? suallarına cavab verən əvəzliklərə deyilir. Şəxs əvəzlikləri
kəmiyyətcə tək və cəm olur və şəxsə görə üç növə bölünür:
I şəxs (danışan): təkdə – mən, cəmdə
– biz
II şəxs (dinləyən):təkdə – sən,
cəmdə – siz
III şəxs (haqqında danışılan): təkdə
– o, cəmdə – onlar.
I və II şəxsi bildirən əvəzliklər
yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi
bildirən əvəzlik isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir.
Məsələn: Qoyun ev heyvanıdır. O, ildə
bir, bəzən də iki bala verir. Yaqut qiymətli daşdır. O, Bədəxşanda olur və
s. III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə?
sualına cavab verir. Deməli, şəxs əvəzliyi heç də həmişə insana aid olmur.
Burada şəxs sözü qrammatik mənadadır.
Şəxs əvəzliklərinin aşağıdakı
xüsusiyyətləri var:
- Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur.
- Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə -im şəkilçisini qəbul edir. Müqayisə edin: vətən ismi yiyəlik halda vətən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur.
- Şəxs əvəzlikləri cümlədə, əsasən, mübtəda, tamamlıq, xəbərlik (şəxs) şəkilçisi qəbul etdikdə isə xəbər olur. Qeyd 1: Bizim və sizin şəxs əvəzlikləri III növ təyini söz birləşmələrinin I tərəfi olduqda II tərəf mənsubiyyət şəkilçisiz işlənərsə, bu sözlər cümlə üzvü kimi təyin olur. Məsələn: Bizim (hansı?) məktəb şəhərin mərkəzində yerləşir. Qeyd 2: Hər üç şəxsin cəmində olan şəxs əvəzlikləri cümlədə yer, məkan mənasını bildirərsə, cümlənin yer zərfliyi olur. Məsələn: Sabah bizə (haraya?) gələrsən.
- Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.
- Şəxs əvəzliklərindən biz və siz cəm şəkilçisi ilə işlənə bilir. Məsələn: Bizlər bu dünyaya qonaq gəlmişik. Sizlər bizim əziz qonaqlarımızsınız.
Mən, sən, o
şəxs əvəzliklərinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi -dan2 (-nan2)
şəklində tələffüz olunur: məndən – mənnən, səndən - sənnən, ondan – onnan və s.
Qeyri-müəyyən əvəzliklər
Qeyri-müəyyən əvəzliklər – ismin
yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir. Qeyri-müəyyən
əvəzliklər kim? nə? suallarına cavab olur.
Dilimizdə ən çox işlənən
qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kimsə, kim isə, nəsə, nə isə, hamı,
kimi, hərə, bəzi, bəzisi, bəziləri, hər kəs, hər şey, hər nə və s.
Qeyri-müəyyən əvəzliklər isim kimi
hallanır. Kim isə, nə isə qeyri-müəyyən əvəzlikləri hallanarkın hal şəkilçisi I
tərəfə artırılır. Məsələn: kimin isə, nəyə isə, kimdən isə və s.
Qeyri-müəyyən əvəzliklər cümlədə,
əsasən, mübtəda və tamamlıq olur. Məsələn: Hamı gülür (mübtəda). Hərənizə bir
sualım var (tamamlıq). Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə
cümlədə xəbər olur. Məsələn: Bu işdə günahkar hamımızıq.
Qeyri-müəyyən əvəzliklərin çoxu
mənsubiyyətə görə dəyişir. Məsələn: hər şeyim, hamımız, hərəniz və s.
Qeyd: Biri, hamı, hərə əvəzlikləri cəmlənmir.
Qeyd: Bəzi əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra
ismi əvəz edir.Məs: Bəzisi, bəzisinə və s.
İşarə əvəzlikləri
İşarə əvəzlikləri – işarə məqsədi
ilə işlədilən əvəzliklərə deyilir. O, bu, elə, belə, həmin, həmən
sözləri işarə əvəzlikləridir.
O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və
hansı? sualına cavab olur. Məsələn: Bu
(hansı?) kitab maraqlıdır. O (hansı?) ağac çinardır. Həmin (hansı?) oğlan
tələbədir və s. Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur. Bəzi
hallarda bu əvəzliklər sayi, feili sifəti və əvəzliyin özünü də əvəz edə bilir.
Məsələn: Görünən bina beşinci binadır.
Mənim xalam da o binada yaşayır. Danışan uşaq beşinci sinifdə oxuyur. Həmin
uşağı mən çoxdan tanıyıram və s.
Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində
işlənir. Məsələn: Belə (elə) dostdan kim
inciyər. Elə oxu ki, mən də eşidim. Bu
əvəzliklər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə
isə zərflik olur. Elə, belə əvəzlikləri yalnız mənsubiyyət şəkilçisi qəbul
etdikdən sonra hallanır. Məsələn: Elələrindən
uzaq qaç. Meyvənin beləsini almaq lazımdır.
Həmin işarə əvəzliyi isə ancaq sifəti əvəz etdiyi üçün hallanmır.
Qeyd:
O əvəzliyi həm şəxs, həm də işarə
əvəzliyi ola bilər. Bu əvəzlik ismi əvəz etdikdə şəxs, sifəti əvəz etdikdə isə
işarə əvəzliyi hesab olunur. Məsələn: O,
(kim?) insandır (şəxs əvəzliyi). O (hansı?) həkimi mən də tanıyıram (işarə
əvəzliyi). Bu əvəzliyi isə həm isim, həm də sifəti əvəz etdikdə işarə
əvəzliyi sayılır.
O və bu əvəzlikləri ismin
xüsusiyyətlərini daşıyarkən cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və
xəbər olur. Məsələn: Bu, (nə?) uşağın
kitabıdır. Onu Namiqin dostundan alarsan. Bundan (kimdən?) muğayat ol.
Təriflədiyim oğlan budur (kimdir?).
İsmi əvəz edən o, bu əvəzliklərindən
sonra feil, əvəzlik və köməkçi nitq hissələrindən (modal sözlər istisna) başqa,
qalan nitq hissələri ilə ifadə olunan sözlər gəldikdə vergül qoyulur.
Köməkçi nitq hissələrindən olan
modal sözlər o və bu əvəzliklərindən sonra gələrsə, o
və bu əvəzliklərindən sonra vergül qoyulur. Məsələn: O, əlbəttə, sənə inanır. Bu, təssüf ki, babamdan qalan son yadigardır.
O və bu əvəzliyi sifəti əvəz etdikdə isə
onlardan sonra vergül qoyulmur. Məsələn:
O
axşam nəsə baş vermişdi.
Sual və təyini əvəzliklər
Sual əvəzlikləri sual bildirən
sözlərə deyilir. Əsas nitq hissələrinin sualları, yəni kim?, nə?, hara?, necə?, nə cür?,
neçənci?, neçə?, nə zaman? və s. sual əvəzlikləridir. Bunlar isim,
sifət, say və zərfi sual şəklində əvəz edir və ya cavab almaq məqsədilə
işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini
daşıyır. Kim?, nə? hara? ismin sualı olduğu üçün hallanır, cəmlənir,
mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur. Məsələn: Kim dərsə gəlməyib? Kimi istəyirsiniz? Kimin
var? Haranız ağrıyır? Nələri görmədik? Kimlər gəldi, kimlər getdi?
Sual əvəzlikləri başqa nitq
hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn: Hamı gülür. Kim gülür? Biz kəndə gedirik.
Kim kəndə gedir?
Təyini əvəzliklər
Əşyanı ümumi şəkildə təyin etmək
üçün işlədilir. Hər, bütün, filan, eyni, öz özüm, özün, özü, özünüz, özləri
sözlərindən ibarətdir. Məsələn: Hər
gözəlin bir eybi olur. Mənim üçün bütün güllər gözəldir. Hər gülün öz ətri var.
Təyini əvəzliklərdən hər,
bütün, filan əvəzlikləri hansı? sualına cavab verir, cümlədə
təyin olur və hallanmır.
Qeyd: Öz əvəzliyi özündən sonra mənsubiyyət şəkilçili söz tələb
edir və həmin sözlə birlikdə bir cümlə olur. (Müstəqil cümlə üzvü ola bilmir).
Məsələn: Mənə öz kitabım (nə?) lazımdır.
Qeyd
: Öz əvəzliyi mənsubiyyət şəkilçisi
qəbul etdikdə tək işlənir və ismi əvəz edə bilir. Məsələn: Özüm , Özümü , Özümə və s.
Qeyd: Eyni əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra
ismi əvəz edə bilir, hallanır. Məsələn: Eynisi,
eynisini, eynisinə və s.
Çox gözəl iş görmüsünüz, davamlı olmasını arzulayıram.
YanıtlaSil